Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2017-ci ilin doqquz ayının yekunları müzakirə edilmişdir

17 oktyabr 2017 | 16:00

Oktyabrın 17-də Şamaxıda rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin iştirak ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev cari il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir.
Rayon rəhbəri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya səfərinin rayon üçün tarixi əhəmiyyətindən, səfər zamanı bir sıra obyektlərin açılışı olduğundan danışaraq, Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi avtomobil yollarının və Şamaxı SuKanal İdarəsinin inzibati binasının açılışı olduğunu, Şamaxı şəhərinin içməli su təchizatı layihəsinə, Safari parkına baxış keçirildiyini, “AzGranata” MMC-yə məxsus üzüm bağları və qədim Dəmirçi kəndində aparılmış təmir bərpa və abadlıq-quruculuq işləri ilə tanış olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, ötən dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün çoxsaylı işlər görülmüşdür ki, bu da yaxın gələcəkdə turistlərin rayona böyük axınına səbəb olacaqdır.
Şamaxı rayonunun iqtisadiyyatında əsas yeri kənd təsərrüfatının tutduğunu qeyd edən rayon rəhbəri taxılçılıq, heyvandarlıq və üzümçülüyün daha çox inkişaf etdiyini bildirmiş, əhalinin ərzaq təhlükəsizliyi, eləcə də işsizlik probleminin həlli üçün ölkə rəhbərinin tapşırıq və göstərişlərinə əsasən son illər məqsədyönlü işlər aparıldığını, kənd təsərrüfatının bütün sahələrinin inkişafına hərtərəfli dəstək verildiyini, həmçinin iri aqroparkların yaradıldığını bildirmişdir.
Keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan icra başçısı rayon fermerləri tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahənin 1650 hektara çatdırıldığını, Meysəri kəndinin ərazisində “Şirvan Şərabları” MMC tərəfindən 121,5 hektar sahədə yeni üzüm bağı, 40 hektar isə yeni meyvə bağı salındığını, həmçinin  MMC üçün inzibatı binanın, şərab emalı zavodunun, hazır məhsul üçün nəzərdə tutulan anbarın və iaşə obyektinin tikintisinin aparıldığını, ərazidə 3000 başlıq maldarlıq kompleksinin tikintisi də nəzərdə tutuluğunu diqqətə çatdırmışdır.
Rayonda heyvandarlığın istər yaradılmış aqroparkların, istərsə də şəxsi təsərrüfatların hesabına sürətlə inkişaf etdirildiyini, ötən dövr ərzində iribuynuzlu mal-qaranın sayının artaraq 38156 başa, xırdabuynuzlu heyvanların sayının 183841 başa, quşların sayının isə 283670 başa çatdırıldığını bildirmişdir.
Məruzədə cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi, şəhər, qəsəbə və kəndlərdə geniş abaqlıq-quruculuq işlərinin aparıldığı, avtomobil yollarının təmir edildiyi, həmçinin turizm əhəmiyyətli rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc kəndlərini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyi bildirilmişdir.
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli zonada yerləşdiyindən rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayının ilbəil artdığını qeyd etmiş, cari ilin doqquz ayı ərzində rayona 103 mindən çox turist gəldiyini vurğulamışdır.
Məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, 9 saylı Yol İstismar İdarəsinin rəisi Ədalət Ömərov, “Şamaxı Sərnişin Servis” MMC-nin direktoru Sabir Abasəliyev, Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Vəlixan Qarayev və Şamaxı Elektrik şəbəkəsinin rəisi Ceyhun Yəhyayev çıxış etmişlər.
Hesabat iclasının yekununda Asif Ağayev Şamaxı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin doqquz ayı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulamışdır.

Keçidlər