Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin Şamaxı rayonuna diqqət və qayğısı bizi qürurlandırmaqla bərabər üzərimizə məsul vəzifələr qoyur

05 oktyabr 2017 | 16:00

Oktyabrın 5-də Şamaxıda Prezident cənab İlham Əliyevin rayona səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şamaxı rayonuna baş tutan səfəri, səfər zamanı açılışı olmuş obyektlər, həmin obyektlərin təyinatı, rayon və bölgə üçün əhəmiyyətləri barədə geniş məlumatlar verərək, rayonun sosial-iqtisadi həyatında baş verəcək yeniliklərdən danışmışdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şamaxının sosial-iqtisadi inkişafı üçün ciddi addımlar atıldığını bildirən rayon rəhbəri, rayonda yeni kənd təsərrüfatı, turizm və sənaye istehsalı obyektlərinin, emal müəssisələri və aqroparkların yaradıldığını diqqətə çatdırmışdır.
Ölkə ərazisində salınmış 37 aqroparkdan 3-nün Şamaxıda olduğunu, dövlət tərəfindən özəl sektora böyük dəstək verildiyini, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradıldığını vurğulayan icra başçısı, tezliklə rayonda bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə ediləcəyindən əminliyini ifadə etmişdir. Bundan əlavə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonda üzümçülüyün yeni inkişaf dövrü yaşadığından, əvvəlki şöhrətinin bərpa olunması istiqamətində mühüm işlər görüldüyündən, bununla da rayonun iqtisadiyyatının daha da canlanacağı, əhalinin işlə təminatının yaxşılaşacağından danışmışdır.
Zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxının turizm potensialının ilbəil yüksəldiyini bildirən rayon rəhbəri rayonun mərkəzində, eləcə də kəndlərdə abadlıq-quruculuq işlərinin aparılmasının, Dəmirçi kəndində istər Safari Parkın yaradılmasının, istərsə də kəndin daxilində tarixi əhəmiyyətli tikililərin, turizm infrastrukturunun yenidən qurulmasının, eyni zamanda Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yollarının tikilməsinin rayona gələn turistlərin sayının artmasına səbəb olacağını vurğulayaraq, Şamaxının ölkəmizin turist cəlb edən ən böyük rayonu səviyyəsinə qalxmasına xidmət edəcəyini qeyd etmişdir.
Çıxışının sonunda rayon rəhbəri diqqətə çatdırmışdır ki, Prezident cənab İlham Əliyevin Şamaxı rayonuna diqqət və qayğısı bizi qürurlandırmaqla bərabər üzərimizə çox böyük vəzifələr qoyur və biz bütün gücümüzlə bu vəzifələrin uğurlu icrasına çalışacağıq.
Müşavirədə rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, rayon Turizm İnformasiya Mərkəzinin direktoru Taleh Məmmədov, o cümlədən rayon ziyalıları və sahibkarlar çıxış edərək ölkə rəhbərliyi tərəfindən Şamaxıya göstərilən diqqət və qayğıdan danışmış, rayonun intibah dövrü yaşadığını vurğulamışlar.
Çıxışlarda Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi ilə Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında əlaqənin rahatlaşdığı vurğulanmış, bunun da rayonun iqtisadiyyatına müsbət təsirlərinin olacağını bildirilmişdir. Qeyd edilmişdir ki, bu yolun tikintisi zamanı Adnalı və Çarhan kəndlərinə gedən yolların, ümumilikdə 7,2 km məsafədə yenidən qurulmasınin, eyni zamanda 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirən, 11 km-lik Göylər-Quşçu avtomobil yolunun tikintisinin yük və sərnişin daşınmasını rahatlaşdıracağını qeyd etmişdir.
Cümə məscidinin imamı Mərəhməd Mustafayev çıxışında qədim diyar olan Şamaxının ilk İslam şəhərlərindən biri olduğunu qeyd edərək Prezident cənab İlham Əliyev tərəfindən dini və tarixi abidələrimizə göstərilən diqqət və qayğıdan danışmış, istər 743-cü ildə inşa olunmuş Şamaxı Cümə məscidinin, istərsə də 755-ci ildə tikilmiş Dəmirçi məscidinin bərpa və yenidən qurulmasının ölkə rəhbərliyi tərəfindən dinimizə, mədəniyyətimizə verilən böyük qiymətin nümunəsi olduğunu bildirmiş, buna görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.
Müşavirədə əldə olunmuş nailiyyətlərlə yanaşı aparılması nəzərdə tutulan abadlıq-quruculuq işləri də müzakirə olunmuşdur.

Keçidlər