Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib

15 avqust 2017 | 16:00

Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilmişdir.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Seminar-treninqi giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirmişdir ki, Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini də dini radikalizm və ekstremizmlə mübarizə təşkil edir. Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdıran Əliheydər Zülfüqarov radikalizmin yaranma səbəblərini göstərərək qeyd etmişdir ki, dində radikallıq müxtəlif formalarda təzahür etməklə dinin əsl mahiyyətini kölgədə qoyur.
Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi İsmayıl Manafov ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açmışdır. O, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan ünsürlərə qoşulmamağa çağırmışdır.
Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə vurğulamışdır ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər