Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə Şamaxıda “dəyirmi masa” keçirilmişdir

13 fevral 2017 | 16:00

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə Şamaxıda “dəyirmi masa” keçirilmişdir.
İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra SHXÇDX-nin beş illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq onları əlamətdar gün münasibətilə təbrik etmiş, dövlət müstəqilliyinin qorunmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, ölkədə vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuş, məhz bundan sonra Azərbaycanda real və ciddi ordu quruculuğu prosesinə start verilmişdir. Bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşmışdır.
Ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığını diqqətə çatdıran icra başçısı, Xidmətin yaranmasından ötən beş ildə səfərbərlik, gənclərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm işlərin görüldüyünü, çağırışçıların həqiqi hərbi xidmət keçmələri üçün Silahlı Qüvvələrin hissələrinə təyin olunmaları sahəsində şəffaflığın təmin olunduğunu vurğulamışdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon Təhsil Şöbəsinin müdiri Evaz Eminalıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və aprel döyüşlərinin iştirakçısı Mübariz Xasıyev çıxış edərək ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminliklərini ifadə etmişlər.
Çıxışlarda Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyi, Xidmətin ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə böyük töhfə verdiyi vurğulanmışdır.

Keçidlər