Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda dünya çempionu Oleq Krapivinin şərəfinə IV respublika turniri keçirilmişdir

09 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da Şamaxı Olimpiya Mərkəzində dünya çempionu Oleq Krapivinin şərəfinə yeniyetmələr arasında sərbəst güləş üzrə IV respublika turniri keçirilmişdir.
Qonaqlar əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuşlar.
Sonra Olimpiya Mərkəzində turnirin açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov respublika birinciliyinə 32 şəhər və rayondan 300 nəfər 2002-2004-cü il təvəllüdlü yeniyetmə güləşçinin qatıldığını bildirmiş, habelə Oleq Krapivinin hazırda yaşadığı Ukraynadan gələn idmançıların da yarışlarda iştirak edəcəkləri söyləmişdir.
Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Cavanşir Qurbanov və Namiq Abdullayev ölkəmizdə idmanın inkişafından, Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları uğurlardan danışmışlar.
Natiqlər 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində dünyaya göz açan, on yaşında ikən ailəsi ilə birlikdə Bakıya, Bakıxanov (o vaxtkı Razin qəsəbəsi) qəsəbəsinə köçən, Azərbaycan vətəndaşı olmağı ilə fəxr edən dünya çempionu Oleq Krapivinin şərəfinə keçirilən turnirdə yeniyetmə idmançılara uğurlar arzulamışlar.
Sonra yarışlara start verilmişdir. Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli idman ustası Yaqub Məmmədovun baş hakimliyi ilə gərgin və maraqlı idman mübarizəsi şəraitində 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda qaliblər müəyyənləşmişdir.
Qalib idmançılar təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər