Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda bölgə seminar-müşavirəsi keçirilib

24 may 2016 | 16:00

Mayın 24-də Şamaxı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı, İsmayıllı, Ağsu və Göyçay rayonlarının yerli strukturlarının nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. Bildirilib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov  “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Dövlət Komitəsinin sədr müavini diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycanın dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrildiyi vurğulanıb. DQİDK-nın sədr müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verərək qeyd edib ki, filmdə dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Seminar-müşavirədə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.
Tədbir işini müzakirələrlə davam etdirib.

Keçidlər