Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Zəfər yolçuları” kitabının təqdimatı keçirilib

19 noyabr 2021 | 16:00

Noyabrın 19-da Şamaxıda rayon icra hakimiyyətinin və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə hazırlanan, Şamaxı şəhidlərinə həsr edilən “Zəfər yolçuları” kitabının təqdimatı olub. Tədbirdə icra başçısı Tahir Məmmədov, deputat Tamam Cəfərova, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Zəfər yolçuları” kitabının videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərildiyini vurğulayıb, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. İcra başçısı “Zəfər yolçuları” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Tamam Cəfərova şəhidlik zirvəsinə ucalan Vətən oğullarının adlarının əbədiləşdirilməsi ilə əlaqədar dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb, “Zəfər yolçuları” kitabının yeniyetmə və gənclərin, həm də vətənpərvər ruhda yetişmələrində əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev, şəhid valideynləri Güllü Babayeva və Rza Nəbiyev kitabın hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rəfail Tağızadənin redaktorluğu və Könül Məmmədovanın tərtibatı ilə ərsəyə gələn “Zəfər yolçuları” kitabı Şamaxıdan olan 130 şəhidin ailəsinə hədiyyə verilib.

Vətən müharibəsi şəhidi Rauf Əliyevin anası Səbinə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında belə bir kitabı ərsəyə gətirənlərə minnətdarlığını bildirib: “Kitabın buraxılışında zəhmət çəkənlərə şəhid ailələri adından çox sağ olun deyirəm. Şamaxının bütün şəhidlərini tək bizim üçün yox, gələcək nəsillər üçün də tanıtdılar. Bu kitab şəhidlərimizə böyük diqqətin, şəhid ailələrinə hörmət və qayğının təzahürüdür”.

Keçidlər