Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb

20 avqust 2021 | 16:00

Şamaxıda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimindən əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Daha sonra Şamaxı rayon Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılış mərasimi rəsmi şəxslərin, deputatların və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.

Yay düşərgəsinin açılış mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun mavini Qədir Xəlilov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseyinov, “Yaşat” Fondunun direktor mavini Rəbiyyə Cəfərova, “Böyük Qayıdış” Gənclər Təşkilatı İB-nin sədri Nail Şükürov, polkovnik-leytenant Soltan Məmmədovun övladı Ləman Məmmədova çıxış ediblər. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətindən, güclü iradəyə malik bir rəhbər olmasından danışılıb, müzəffər Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdə milli birliyimizdən, gənclərin bu qələbədə ön və arxa cəbhədə göstərdiyi şücaətdən söz açılıb.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladları hər birimiz üçün əmanətdir. Şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir, şəhid və qazi övladlarının təhsilinin inkişafı üçün mümkün imkanlar səfərbər edilir. Keçirilən düşərgənin məqsədi də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli təşkili, özünə inam, həmrəylik və optimizm hisslərinin gücləndirilməsinə çalışılması, həmin gənclər arasında dostluq əlaqələrinin qurulmasının təmin edilməsi, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Düşərgə müddətində gənclərin Vətən müharibəsi iştirakçıları, rəsmi şəxslər və məşhur simalarla görüşləri, şəxsi və komanda inkişafı yönümlü təlimlər, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.

Tədbirdə Qarabağ Zəfərindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə rəngarəng proqramla konsert verilib.

Azərbaycan Gənclər Fondunun və Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə dəstəyi ilə keçirilən, şəhid və qazilərin 60 övladının iştirak etdiyi düşərgə 5 gün davam edəcək.

Keçidlər