Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının yol infrastrukturu müasir səviyyədə yenidən qurulur

02 avqust 2021 | 16:00

Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sərəncama əsasən, Şamaxı şəhərində ümumi uzunluğu 96,5 kilometr, sahəsi 621 min 615 kvadratmetr olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12,3 kilometr olan 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri yerlərdə yol yatağının yararsız qruntu çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı və yeni yol əsası inşa edilir. Daha sonra iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Layihə çərçivəsində zəruri yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılır.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci kilometrində Bakı şəhəri istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü kilometrində Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə eyni səviyyəli yol qovşaqlarının tikintisi işləri aparılır. Sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü kilometrində yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması üçün əlavə hərəkət zolağının tikintisi də icra olunur.

Hər iki yol qovşağı arasında uzunluğu 3,1 kilometr olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə nəzərdə tutulur. Şamaxı rayonunda avtomobil yollarının təmiri və saxlanılması istiqamətində yerli əhəmiyyətli Şamaxı-Çuxuryurd-Zarat-Xeybəri avtomobil yolunun Şamaxı-Əngəxaran hissəsində 3450 metr və Çuxuryurd yaşayış məntəqəsinin daxilindən keçən hissəsində, 2300 metr məsafədə yolun asfalt-beton örtüyünün aşınma layı da kompleks tədbirlər çərçivəsində yenidən tikilib.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, kənd təsərrüfatı və turizmin də inkişafına təkan verəcək.

Keçidlər